Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman AÇ-2024-ün 1/8 finalında Danimarka yığması ilə oyun ərəfəsində gözləntilərini paylaşıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Danimarka yığması çox yaxşı təşkil edilmiş komandadır. Elə mərhələlər var ki, müdafiədə çox aqressiv olurlar, amma sonra bir toxunuşla mükəmməlcəsinə hücuma keçirlər. Onların heyətində çoxlu təcrübəli futbolçular və dəqiq quruluş var. Bu, əlbəttə ki, çətin rəqibdir.
Qrup mərhələsi bizim üçün çox maraqlı oldu, çünki ilk oyun gözlədiyimizdən də yaxşı keçdi, sonra Macarıstan yığması ilə çətin oyun oldu, İsveçrə yığması ilə isə hesabı bərabərləşdirmək bizim üçün çətin oldu, ona görə də bütün növ oyularla qarşılaşdıq. Çətin vəziyyətlərin öhdəsindən gəlməyi öyrənmək vacibdir”, deyə Nagelsman vurğulayıb.
Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin Almaniya – Danimarka oyunu bu gün, iyunun 29-da Dortmundun “Siqnal İduna Park” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


