“Kolo-Kolo”nun məşhur çilili yarımmüdafiəçisi Arturo Vidal iddialı açıqlaması ilə futbol ictimaiyyətinin diqqətini öz üzərinə cəlb edib.
Arena.az məlumat verir ki, Vidal bloqqer Davu Seneisenin podkastında maraqlı söhbət açıb:
“Vinisius Junior dünyanın ən yaxşı on oyunçusundan biri ola bilər, amma o, “Qızıl top”a layiq deyil. Toni Kroos mənimlə Leverkuzen “Bayer”ində oynayıb. Məndən çox şey öyrənib, çünki mütəmadi olaraq ayaqlarına vururdum (gülür). Mən futbolun necə işlədiyini göstərirdim. O, müdrik idi, amma fizikadan əskik idi”, deyə Vidal vurğulayıb.
Arturo Vidal “Kolo-Kolo”nun yetirməsidir. Vidalın “Kolo-Kolo”ya transferi çilili futbolçunun “Atletiko Paranaense”dən azad agent qismində ayrılması ilə gerçəkləşib. “Kolo-Kolo” yetirməsi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Vidal karyerası ərzində Leverkuzen “Bayer”i, “Yuventus”, “Bayern”, “Barselona”, “İnter”, “Flamenqo” və “Atletiko Paranaense”də çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Vidal “Kolo-Kolo”nun heyətində bütün yarışlarda 20 oyuna 6 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Klub karyerası boyunca Vidal çoxsaylı qənimətlər qazanıb, həmçinin 2016-cı ildə Çilidə ilin futbolçusu seçilib.
Arturo Vidal 2007-ci ilin fevralında debüt etdiyi Çili yığmasının heyətində 142 oyuna çıxıb, 34 qol vuruv və 9 məhsuldar verib. Vidal Çili yığması ilə 2 dəfə Amerika Kubokunun (2014/2015, 2015/2016) qalibi olub.
“Transfermarkt” internet-portalı 37 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 300 min avro məbləğində qiymətləndirir.


