Misir yığmasının və “Fyuçə”nin 31 yaşlı sol vingeri Əhməd Refaat daha əvvəl yaşadığı səhhət pozuntusunun nəticəsində dünyasını dəyişib.
Arena.az məlumat verir ki, xoşagəlməz hadisənin ilk təzahürü cari ilin mart ayının 11-də, Misir çempionatının “Fyuçə” – “Əl-İttihad” oyunu (0:0) zamanı baş vermişdi.
O vaxt oyunun sonuna iki dəqiqə qalmış, Əhməd səhhətində ciddi pisləşmə hiss edərək, huşunu itirib kürəyi üstə sərt şəkildə ot örtüyü üzərinə yıxılmışdı. Oyun dayandırılmış, Refaat isə təcili surətdə xəstxanaya təxliyə edilmişdi. Əhməd o vaxtdan komada idi. Bu gün, iyulun 6-da yerli vaxtla səhər saatlarında Əhməd Refaat dünyasını dəyişib. Futbolçunun ölüm səbəbi infarkt və qəfil ürək dayanması göstərilir.
Misir Futbol Assosiasiyasının (EFA) mətbuat xidməti bu münasibətlə mərhumun ailəsinə və yaxınlarına başsağlığı ünvanlayıb:
“Misir Futbol Assosiasiyasının İdarə Heyəti Uca Allahdan Refaatı böyük rəhmətlə bürüməsini, ailəsinə və sevdiklərinə səbr və rahatlıq aşılamasını istəyir… Biz Allaha məxsusuq və Ona qayıdacağıq”, – başsağlığında deyilir.
Əhməd Refaat karyerası ərzində ENPPI, “Zamalek”, “Əl-İttihad”, “Əl-Masri”, “Fyuçə” (“Modern Fyuçə”) və “Əl-Vahda” klublarında çıxış edib.
Əhməd Refaat 2013-cü ilin avqustunda debüt etdiyi Misir yığmasının heyətində 7 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Əhməd Refaatın qənimətlər muzeyində “Zamalek”lə Misir Super Kuboku (2016/2017), “Modern Fyuçə” ilə Misir Liqa Kuboku (2021/2022) və Misirin U-20 yığması ilə qazandığı Afrika Kuboku (2013) var.
Əhməd Refaatın huşunu itirdiyi həmin an:


