“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın yeni mövsümə hazırlıq vəziyyətindən söhbət açıb.
Arena.az niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Yeni sahiblərin ortaya çıxması bizə çox kömək edə bilər, çünki onlar bizi dəstəkləyirlər. Prosesimizi dəqiq tənzimləməyə müyəssər olduq və yay ərzində əldə edə bildiklərimiz budur. Biz son dərəcə yaxşı vəziyyətdəyik, hücuma keçmək üçün çox güclü mövqedəyik!”, deyə Erik ten Haq inamla vurğulayıb.
Xatırladaq ki, iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər artırdığını rəsmən açıqlayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.
Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025 mövsümündə Avropa Liqasında iştirak hüququ verib.