Endrik Braziliya millisinin Amerika Kubokundakı çıxışını şərh etdi

Braziliya millisinin yeniyetmə istedadı Endrik “selesao”nun ABŞ-da keçirilən 2024-cü il Amerika Kubokundakı uğursuzluğunu şərh edib.

Arena.az 17 yaşlı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Biz Braziliya millisini birinci yerə qoymaq istəyirik. Çalışmağa və dünya çempionatına hazırlaşmağa davam edəcəyik. Hazırda çox çətin olduğunu bilirəm, amma ümidvaram ki, bütün braziliyalıların dəstəyini alacağıq”, deyə hücumçu vurğulayıb.

Xatırladaq ki, Braziliya millisi yarışın 1/4 finalında Uruqvay yığmasına penaltilər silsiləsində məğlub olaraq (əsas və əlavə vaxt 0:0, penaltilərlə 2:4), Amerika Kubokunda iştirakını başa vurub.

Böyük futbolda 3-cü mövsümünü keçirən 17 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. Yeniyetmə hücumçunun “Palmeyras”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Amma Endrik İspaniya nəhəngi “Real”la müqavilə imzalayıb, 18 yaşı tamam olmadığı üçün isə yalnız 2024-cü ilin yayında, həddi-büluğa çatdıqdan sonra “qaymaqlılar”a qoşulacaq. “Kral klubu” Endrikin transferi üçün 45 milyon avro məbləğində xərc çəkib.

Endrik Braziliya futbolunun artıq başa çatmış son mövsümündə “Palmeyras”ın heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 14 qol vurub, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə isə yeniyetmə istedad 22 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Endrikin “yamyaşıllar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 82 oyun, 21 qol, 4 məhsuldar ötürmə.

Yeniyetmə futbolçu 2022/2023 mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub.

Endirk həmçinin 2021/2022 mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 12 oyun keçirib və 3 qol vurub.

“Transfermarkt” internet-portalı 17 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: