Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov bundan sonra Polşanın “Radomyak” klubunda çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Bu yay Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”ın təklifini qəbul edib. Azərbaycanlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, “Radomyak” ötən mövsüm Polşa çempionatını 18 komanda arasında 15-ci yerdə başa vurub.
Xatırladaq ki, LKS-ə bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalamışdı. Müdafiəçi bu komandanın heyətində 16 rəsmi oyuna çıxıb.
LKS ötən mövsüm 6 qələbə qazanıb, 6 heç-heçə edib və 22 məğlubiyyətə üzülüb. Lodz klubu 24 xalla 18 iştirakçı arasında sonuncu pilləni tutub və elitanı tərk edib. Azərbaycanlı futbolçunun bu klubdan ayrılmasına da məhz LKS-in yüksək liqa ilə vidalaşması səbəb olub. Bu üzdən də o, Ekstraklasanın digər təmsilçisi ilə müqavilə bağlayıb.
Rahil daha öncə ölkəmizdə “Qarabağ”dan başqa “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 17 oyuna çıxıb.


