Qriqorçuk: “Sek əsas transfer hədəflərimizdən biri idi”

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Mustafa Sekin paytaxt klubuna transfer olunmasına münasibət bildirib.

Arena.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Seneqal əsilli ispaniyalı futbolçunun “Neftçi”ni gücləndirə biləcək keyfiyyətli və təcrübəli oyunçu olduğunu deyib:

“Çox şadam ki, Mustafa Sek bizim oyunçu oldu. Biz onu çoxdan izləyirdik. Mustafa əsas transfer hədəflərimizdən biri idi. O, “Neftçi”ni gücləndirə biləcək keyfiyyətli və təcrübəli futbolçudur. Mustafanın hazırda yaxşı formada olması da məni sevindirir. Buna görə də ümid edirəm ki, komandaya uyğunlaşmaq üçün çox zamana ehtiyacı olmayacaq”, deyə Qriqorçuk bildirib.

Xatırladaq ki, əslən Seneqaldan olan ispaniyalı sol cinah müdafiəçisi bu gün “Neftçi” ilə 3 illik müqavilə bağlayıb. 28 yaşlı futbolçu yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacaran Sek “Barselona”nın müxtəlif yaş qrupu komandalarında, “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib, Niderland və Portuqaliya komandalarında oynayıb. Onun sonuncu klubu “Portimonense” (Portuqaliya) olub. 2022-ci ilin iyul ayından “Portimonense”də çıxış edən futbolçu bu komandanın heyətində 58 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bu klubla 2025-ci ilin 30 iyununa qədər müqaviləsi vardı. Bu üzdən də “Neftçi” güman ki, onun keçidi üçün Portuqaliya klubuna müəyyən təzminat ödəməli olub. Amma transferin maliyyə detalları açıqlanmır.

Xəbəri sosial şəbəkələrdə paylaş: