“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasında Münhen nəhənginin çalışdırıcısı kimi debütündən gözləntilərini paylaşıb.
Arena.az “Bayern”in mətbuat xidmətinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən əsəbi deyiləm. Bundesliqanın ilk oyununu səbirsizliklə gözləyirəm. Bu, həqiqətən böyük bir çağırışdır. Komanda və heyətlə yaxşı hazırlaşmışıq. Mən xoşbəxtəm”, deyə Kompani vurğulayıb.
Xatırladaq ki, “Bayern” üçün Almaniya Bundesliqasının 2024/2025-ci illər mövsümü bu gün – avqustun 25-də “Volfsburq”a qarşı səfər oyunu ilə başlayacaq. Hakim oyunun başlanğıc fitini Bakı vaxt ilə 17:30-da səsləndirəcək.
Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığı qoyulub.
“Bayern” geridə qalmış 2023/2024-cü illər mövsümündə böyük potensialına rəğmən, gözlənilənlərin əksinə olaraq, çıxış etdiyi bütün yarışlarda uğurzuluğa düçar olub və mövsümü qənimətsiz başa vurub.
Kompaninin “Bayern”lə ilk rəsmi oyunu Almaniya Kubokuna təsadüf edib. Münhen klubu belçikalı mütəxəssisin rəhbərliyi altında kubokun 1/32 finalında “Ulm”la qarşılaşıb və 4:0 hesablı qələbəyə sevinib.


