Dembo Darbo “Neftçi”də! – Rəsmi

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubunun qambiyalı hücumçusu Dembo Darbo bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun rəsmi saytına istinadən xəbər verir.

26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. Hücumçu yeni komandasının heyətində 22 nömrəli formanı geyinəcək.

“Neftçi”nin Darboya görə nə qədər xərc çəkdiyi də məlumdur. Əldə etdiyimiz məlumata görə, “ağ-qaralar” bu keçidi 500 min avroya rəsmiləşdiriblər.

Dembo Darbo peşəkar karyerasına Qambiyanın “Real de Banjul” klubunda başlayıb. Daha sonra o, Seneqalın “ASEK Ndjambur”, Şimali Makedoniyanın “Şkupi” klublarında çıxış edib.

2021-ci ilin yanvarında Soliqorsk “Şaxtyor”u “Şkupi”yə 700 min avro ödəməklə Darbonu heyətinə qatıb. O, bu komandada “Neftçi”nin indiki baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında 2021-ci ildə Belarus çempionatının və Belarus Super Kubokunun qalibi olub. 2022-ci ilin avqustunda isə BƏƏ-nin “Əl-Nəsr” klubu 1,5 milyon avro ödəməklə onu öz heyətinə qatıb. Dembo “Əl-Nəsr”də cəmi 14 oyun keçirib, 3 qol və 1 assistlə yadda qalıb. Son mövsümlərdə isə o, icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Darbo sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Dembo 2021-ci ilin oktyabr ayında debüt etdiyi Qambiya milli komandasında 5 oyun keçirsə də, fərqlənə bilməyib.

“Neftçi” daha öncə Edvin Kuç (“Ballkani”, Kosovo), Emil Səfərov (“Qəbələ”), Ramil Şeydayev (“Kocaelispor”, Türkiyə), Robert Bauer (“Əl-Tai”, Səudiyyə Ərəbistanı), Andrey Ştoqrin (“Çernomorets”, Ukrayna), Rüstəm Samiqullin (“Sabah”, icarə), Rafael Quzzo (“Şaveş”, Portuqaliya) və Mustafa Seki (“Portimonense”, Portuqaliya) də heyətinə qatmışdı.

Ömər Buludov, Rüfət Abbasov, Turan Vəlizadə, Eddi İsrafilov, Reziuan Mirzov, Aqil Məmmədov, Ataa Caber, İvan Brkiç, Dieqo Valdes və Fərid Yusifli isə komandanı tərk ediblər. Bu yay klubla yeni müqavilə bağlamış İsmayıl Zülfüqarlı da “Turan Tovuz”a icarəyə verilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: