Transfer hüquqları İngiltərənin “Çelsi” klubuna məxsus olan ispan qapıçı Kepa Arrisabalaqa yenidən London təmsilçisini tərk edib.
Arena.az xəbər verir ki, 29 yaşlı qolkiper “Bornmut”a icarəyə verilib.
Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. İcarə müddəti bu mövsümün sonuna qədərdir. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Kepa ötən mövsümü də İspaniya çempionu “Real”da icarədə keçirib. Madrid təmsilçisi Arrisabalaqanı 2023-cü ilin avqustunda bir mövsümlük icarəyə götürmüşdü. Geridə qalmış mövsümdə Kepa “qaymaqlılar”ın heyətində 20 oyuna çıxıb, 18 qol buraxıb, 9 oyunda qapısının toxunulmazlığını təmin edib.
29 yaşlı futbolçu “Çelsi”yə 2018-ci ilin avqust ayında 80 milyon avro müqabilində keçib. Onun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin 30 iyununa qədərdir. İspan qapıçının “zadəganlar”ın heyətində karyerası 163 oyun, 175 buraxılmış qol və 59 “quru” matçdan ibarətdir.
Kepa daha öncə “Atletik”, “Real Valyadolid”, “Ponferradina” kimi klubların formasını geyinib.
Kepa Arrisabalaqa 2017-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyunda forma geyinib. O, bu matçlarda 6 qol buraxıb, 8 oyundan “quru” çıxıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı Kepa Arrisabalaqanı 12 milyon avro məbləğində qiymətləndirir.
“Bornmut” onları icarəyə verdi
“Bornmut” da iki futbolçusunu icarəyə verib. Sol vinger Ceydon Antoni “Börnli”yə keçib. Əslən Yamaykadan olan 24 yaşlı ingiltərəli futbolçu bu mövsümün sonunadək icarədə olacaq. “Bornmut”un yetirməsi olan Antoni, klubun əsas komandasında 93 oyuna 12 qol vurub, 10 assistlə yadda qalıb. O, daha öncə “Lids” və “Veymut”da da icarədə olb.
Hücumameyilli Hamed Traore isə Fransanın “Oser” klubuna icarəyə verilib. 24 yaşlı futbolçu da bu mövsümün sonunadək Liqa 1-də çıxış edəcək.
“Bornmut” Hamedi 2023-cü ilin yayında 25,62 milyon avroya transfer edib. O, bu komandanın heyətində 13 oyuna 1 qol vurub. Ötən mövsümün ikinci dövrəsini “Napoli”də icarədə keçirmiş Traore, daha öncə İtaliyada “Empoli” və “Sassuolo”da da çıxış edib.
Hamed Traore 2019-cu ildə debüt etdiyi Kot-d’İvuar yığmasında 8 oyuna çıxıb, 2 qol vurub.
Traoreni heyətinə qatan “Oser” iki futbolçusu ilə də yollarını ayırıb. Fransalı yarımmüdafiəçi En Qotye “Mets”ə keçib. 28 yaşlı vinger yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Qvineyalı mərkəz hücumçusu Usman Kamara isə “Kastelyon”a keçib. 22 yaşlı forvard İspaniya komandası ilə 2 illik anlaşıb.


