“Bayern”in baş məşqçisi Vensan Kompani Münhen komandasına təyinatı ilə bağlı səslənən tənqidlərə münasibətini açıqlayıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən Brüsseldə anadan olmuşam, atam Konqodan gəlmiş qaçqın idi. Mənim Premyer Liqada oynamaq, futbolçu kimi nə isə qazanmaq, milli komandada oynamaq imkanım nə qədər idi? Ehtimallar ki, 0.000 idi. İndi isə mən məşqçiyəm. Başqalarının dedikləri əsasında özünüzə və nəyə nail ola biləcəyinizə inamı puç edə bilərsinizmi? Gəlin, insanları uğur qazanmağa və maneələri dəf etməyə təşviq edək”, deyə Kompani çox təsirli, ilhamverici fikir söyləyib.
Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Belçikalı mütəxəssis alman mütəxəssis Tomas Tuxeli əvəzləyib. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığını qoyub.


