Çempionlar Liqasının “Monako” ilə ötən gecə baş tutan səfər oyunu “Barselona”nın mərkəz müdafiəçisi Erik Qarsiya üçün xoşagəlməz bitib.
Arena.az məlumat verir ki, ÇL-in Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçirilmiş oyunun 10-cu dəqiqəsində Qarsiya son ümid cəhdinə görə qırmızı vərəqə alaraq, meydandan qovulub.
İspan müdafiəçi cərimə meydançasının hüdudunda “blauqrana”nın alman qapıçısı Mark-Andre ter Ştegenin imdadına yetişib və qaydanı pozmaq məcburiyyətində qalıb.
Beləliklə, Erik Qarsiya Çempionlar Liqasında “Barselona”nın meydandan ən tez qovulmuş oyunçusu ünvanına sahib olub.
Oyun isə “Barselona”nın 1:2 hesablı səfər məğlubiyyəti ilə başa çatıb.
3 xal qazanmış “Monako” Çempionlar Liqasının ümumi mərhələsinin yarış cədvəlində 13-cü pillədə qərarlaşıb. Xalsız “Barselona” isə 23-cü pillədədir.
“Blauqrana” növbəti oyunu çərçivəsində oktyabrın 1-də İsveçrə təmsilçisi “Yanq Boyz”u qəbul edəcək.
Erik Qarsiya “Barselona”nın öz yetirməsidir. 2017-2021-ci illər aralığında İngiltərədə “Mançester Siti”nin formasını geyinmiş ispan mərkəz müdafiəçisi 2021-ci ilin iyulunda azad agent kimi yenidən Kataloniya klubuna qayıdıb. O, ötən mövsümü icarə əsasında İspaniyanın digər klubu “Jirona”da keçirib. Müdafiəçi bu komandanın heyətində 31 oyuna çıxıb, 5 qol vurub.
Qarsiyanın “Barselona” karyerası isə 75 oyun, 1 qol və 2 məhsuldar ötürmədən ibarətdir.
İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Erik, 2020-ci ilin sentyabr ayında əsas millidə debüt edib. O, İspaniya yığmasının heyətində 19 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


