Əliyev, Nəcəfov və Bayramov Qətərlə matç barədə danışdı

Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər – Azərbaycan beynəlxalq yoldşlıq oyunu öncəsi milli komandamızın üzvləri Şəhriyar Əliyev, Xəyal Nəcəfov və Toral Bayramov AFFA-nın rəsmi saytına açıqlama veriblər.

Arena.az sizi həmin açıqlamalarla tanış edir:

Şəhriyar Əliyev: “Hər oyuna necə hazırlaşırıqsa, Qətər millisi ilə oyuna da elə hazırlaşırıq. Rəqibin oyununu izləmişik. Baş məşqçi necə oynamaq lazım olduğunu bizə izah edib. Sabahkı oyunda ən yaxşı oyunumuzu oynayıb nəticə qazanmaq istəyirik. Bu oyun həm də digər futbolçuların oynamaları, təcrübə qazanmaları baxımından yaxşı fürsətdir”.

“Keşlə”də forma geyinən müdafiəçi milli komandadakı rəqabətdən də söz açıb: “Millidə hər mövqedə ciddi rəqabət var. Bu rəqabət müdafiə xəttində xüsusillə fərqlənir. Təbii ki, rəqabət olan yerdə inkişaf olur. Milli komandada oynamaq şərəfdir. Baş məşqçi şans verəcəyi təqdirdə özümü sübut edib əsas heyətin üzvü olmağa çalışacağam”.

Xəyal Nəcəfov: “Bu oyunda hər şey özümüzdən asılıdır. Kollektiv şəkildə təşkilatlansaq, mübarizə aparsaq, nəticə qazanacağıq. Baş məşqçi məşqlərdə hər bir futbolçuya xüsusi diqqət yetirir. Kim daha hazır vəziyyətdədirsə, ona da şans verir. Biz futbolçular da əsas heyətdə yer almaq üçün məşqlərdə səylə çalışırıq. Artıq Millətlər Liqasında Monteneqro yığması ilə oyunda millinin heyətində debüt etmişəm. Təbii ki, bununla kifayətlənmək olmaz. Əsas heyətdə yer almaq üçün əlimdən gələni edirəm”.

Toral Bayramov: “Milli komandaya dəvət almaq, formasını geyinmək hər bir futbolçunun arzusudur. Mən aşağı yaş qrupu üzrə millilərdə də oynamışam. O yığmalarda ab-hava tam fərqli idi. Hamısı öz yaş qrupumuza aid, birlikdə futbol oynadığımız uşaqlar idi, hamı biri-birini tanıyırdı, bir qədər sərbəstlik vardı. Əsas millidə isə vəziyyət tam fərqlidir. Hətta ilk günlər A millidə necə qarşılanacağımı, məni nələrin gözlədiyini bilmirdim. Əsas millidə hamı məni çox pozitiv qarşıladı. Sanki daha əvvəllər birlikdə oynamışıq. Bizim kimi gənc oyunçulara fürsət verdiyi üçün Canni De Byaziyə təşəkkürümü bildirirəm. Debüt edəcəyim oyunu səbrsizliklə gözləyirəm. Həyəcanlı olduğumu deyə bilmərəm, ümumiyyətlə, hansısa oyunda həyəcan keçirdiyimi xatırlamıram”.

Xəbəri sosial şəbəkələrdə paylaş: