Serhat Akın silahlı hücuma məruz qaldı

Futbol üzrə Türkiyə milli komandasının və “Fənərbaxça” klubunun sabiq hücumçusu Serhat Akın silahlı hücuma məruz qalıb.

Arena.az xəbər verir ki, bunu o, sosial media hesabında açıqlayıb.

Veteran futbolçu bildirib ki, Kavacık məhəlləsində Şəhid Leytenant Ali Yılmaz küçəsində naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Hücum zamanı ayağından yaralanan Serhat Ataşehirdəki özəl xəstəxanalardan birinə aparılıb. Akının səhhətinin yaxşı olduğu bildirilir.

O, yaralanan ayağının fotosunu da paylaşıb və qeyd edib ki, qatıldığı bir proqramdan ayrılandan dərhal sonra ona atəş açıblar: “Son sözümüz “Fənərbaxça”dır”.

Hadisə yerində araşdırma aparan polis təcavüzkarı və ya təcavüzkarları tutmaq üçün işə başlayıb.

Türkiyə mətbuatının yazdığına görə, Serhat Akına son dövrlərdə müxtəlif təhdidlər olub. Buna onun “Fənərbaxça” klubunun indiki rəhbərliyinin sərt tənqid etməsi səbəb göstərilir. Silahlı hücumun da məhz bunun məntiqi davamı olduğu bildirilir.

“Fənərbaxça” bu hadisə ilə bağlı rəsmi bəyanatla çıxış edərək, keçmiş futbolçusuna cansağlığı diləyib:

“Biz, keçmiş futbolçumuz Serhat Akına qarşı silahlı hücumu qınayırıq. Onun tezliklə sağalmasını diləyirik və təqsirkarların ən qısa zamanda məsuliyyətə cəlb edilməsinin intizarındayıq”, – “Fənərbaxça”nın mətbuat xidmətindən verilmiş açıqlamada deyilir.

Xatırladaq ki, Serhat Akın 2000-2005-ci illər aralığında “Fənərbaxça”nın şərəfini qoruyub. O, həmin vaxt bu klubun heyətində 154 oyuna 49 qol vurub, 27 məhsuldar ötürmə müəllifi olub. Akın “Fənərbaxça” ilə 3 dəfə Türkiyə Super Liqasının qalibi olub.

Serhat karyerası ərzində Türkiyənin “Turqutluspor”, “Konyaspor”, “Kocaelispor” və “Altay” klublarının da şərəfini qoruyub. O, Belçikada “Anderlext”, Almaniyada “Karlsrue”, “Köln” və “Berliner” kimi klublarda da çıxış edib.

Sərhat Akın 2014-cü ilin iyulunda futbolçu karyerasını başa vurub.

Akın Türkiyənin U-17, U-18, U-21 yığmalarında oynadıqdan sonra əsas millidə də forma geyinib. Ötənlərin hücumçusu Türkiyə millisində keçirdiyi 16 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: