“Bayern”in idarə heyətinin sədri Karl-Haynts Rummenigge alman qapıçı, Münhen komandasının kapitanı Manuel Noyerlə razılaşmadan danışıb.
Arena.az “Kicker” nəşrinə istinadən Rummeniggenin bu barədə mövqeyini təqdim edir:
“Manu” ilə müqaviləni yeniləyəcəyimizi bilmirəm, amma klubdakı hər kəs onun “Bayern” üçün nə qədər vacib olduğunu bilir”, deyə Rummenigge vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, “Bayern” ilə Manuel Noyer arasında müqavilənin müddətinin uzadılması ilə bağlı ilk konkret danışıqlar 2024-cü ilin sonuna qədər aparılmalı və müəyyən nəticə hasil olmalıdır.
Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Noyer cari mövsümdə “Bayern”in heyətində 8 oyuna çıxıb, 8 qol buraxıb, 3 oyunda qapısının toxunulmazlığını təmin edib. Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 529 oyun, 435 buraxılmış qol və 247 “quru” oyundan ibarətdir.
Manuel Noyer 2009-cu ilin iyununda debüt etdiyi və bu il iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


