“Sivasspor”dan ayrılan Ahmed Musa sabiq klubuna qayıtdı

Bu ilin yayında Türkiyənin “Sivasspor” klubundan azad agent kimi ayrılmış nigeriyalı sol vinger Ahmed Musa özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonra karyerasını vətənində davam etdirəcək.

O, əvvəlki klublarından olan “Kano Pillars”la anlaşıb. Yarımmüdafiəçinin köhnə-yeni klubu ilə bağladığı müqavilənin müddəti və digər detalları bilinmir.

Nigeriya millisinin də üzvü olan Ahmed Musa daha öncə Türkiyədə Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”ün uğurları üçün çalışıb. O, bu komandada 34 matça çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi Sivas klubuna 2022-ci ilin sentyabr ayında məhz “Fatih Karagümrük”lə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verərək keçmişdi. O, “Sivasspor”da 2 mövsüm ərzində 28 oyuna cəmi 1 qolla yadda qalıb.

Nigeriyalı futbolçu karyerası ərzində “Kano Pillars”, “Venlo”, ÇSKA (Moskva), “Lester Siti”, “Əl-Nəsr” klublarında da forma geyinib. O, Nigeriya yığmsında 110 oyun keçirib, 18 qol vurub, 16 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: