Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində 3-cü tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Qarabağ”ın iki rəqibi səfər sınağına çıxıb. İsveç təmsilçisi “Elfsborq” Türkiyədə “Qalatasaray”la görüşüb. Qapılara 7 qolun vurulduğu bu oyunda İstanbul təmsilçisi qələbə qazanıb.
Norveçi təmsil edən “Bodo Qlimt” isə Portuqaliyada “Braqa”nın qonağı olub. Üç qolluq bu görüş isə qonaqların qələbəsiylə yekunlaşıb.
“Qarabağ” noyabrın 7-də “Bodo Qlimt”in, dekabrın 11-də isə “Elfsborq”un qonağı olacaq.
Qeyd edək ki, Avroliqanın Liqa mərhələsinin 3-cü turuna sabah keçiriləcək matçlarla yekun vurulacaq. Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Niderland nəhəngi “Ayaks”la üz-üzə gələcək.
Avropa Liqasında Liqa mərhələsinin 4-cü turunun matçları noyabrın 7-də təşkil olunacaq.
Avropa Liqası
Liqa mərhələsi, 3-cü tur
23 oktyabr
“Qalatasaray” (Türkiyə) – “Elfsborq” (İsveç) 4:3
Qollar: Mauro İkardi, 28. İsak Pettersson, 39-öz qapısına. Barış Alper Yılmaz, 44. Yunus Akgün, 83 – Hult, 52. Baydu, 65-pen. Larsson, 90+2.
“Braqa” (Portuqaliya) – “Bodo Qlimt” (Norveç) 1:2
Qollar: Nyakate, 64 – Evyen, 53. Nielsen, 90+4.


