“Komo”nun baş məşqçisi, ispan mütəxəssis Sesk Fabreqas iş fəaliyyəti onu ruhlandıran məşqçilərin adlarını çəkib.
Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis “İnter”in italyan baş məşqçisi Simone İnzaqi və “Yuventus”un braziliyaəsilli italiyalı çalışdırıcısı Tyaqo Mottanı fərqləndirib:
“Mən məşqçilik karyeramın başlanğıcındayam. Özümü yaxşı hiss edirəm, amma hələ öyrənməli olduğun çox xüsuslar var. Həmkarlarımdan ilham almalı olsaydım, özünün 3-5-2 quruluşu ilə inanılmaz anarxiya yarada bilən Simone İnzaqidən ilhamlanardım. Bu da əla iş sayəsində mümkün olur.
Digər tərəfdən, mərkəz müdafiəçilərinin hücumları sayəsində, öz quruluşu İtaliya futboluna müasir fikirlər gətirmiş Tyaqo Mottanı qeyd etməyə bilmərəm”, deyə Fabreqas vurğulayıb.
Futbolçu ikən “Arsenal”, “Barselona”, “Çelsi” və “Monako”da çıxış etmiş Sesk Fabreqas karyerasının qürubunda “Komo”da top qovub və burada da məskunlaşaraq, məşqçilk karyerasına başlayıb.
Fabreqas rəsmən 2024-cü ilin iyul ayından “Komo”nun baş məşqçisi hesab edilir. Xatırladaq ki, Fabreqas əslində ötən mövsümdən “Komo”nu çalışdırırdı. Sadəcə, ispan mütəxəssisin gərəkli məşqçilik lisenziyası yox idi. Artıq bu çatışmazlığı da aradan qaldırmış ispan mütəxəssis “Komo”nun baş məşqçisidir. Fabreqasın italyan klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Fabreqasın rəhbərliyi altında 2023/2024-cü illər mövsümündə keçirdiyi 38 oyunda 73 xal toplamış “Komo” B Seriyasını 2-ci pillədə başa vurub və birbaşa İtaliya A Seriyasına yüksəlib. “Komo” B Seriyasının qalibi “Parma”dan (76 xal) cəmi 3 xal geri qalıb. Son 20 ildə iki dəfə müflis olmuş Lombardiya təmsilçisi 6 mövsümdə 3-cü yüksəliş əldə etdikdən sonra 2003-cü ildən bəri ilk dəfə İtaliya A Seriyasında çıxış edir.
Rəsmi fəaliyyəti dövründə Fabreqas “Komo”nu 14 oyuna çıxarıb. O, bu oyunlarda 5 qələbə, 4 heç-heçə, 5 məğlubiyyət yaşayıb. “Komo”nun ispan mütəxəssisin rəhbərliyi altında top fərqi isə 20:24 nisbətindədir.
İtaliya A Seriyasının 8 turundan sonra Fabreqasın “Komo”su 9 xalla yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb.


