Bu gün Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirə start veriləcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Bakı Boks Mərkəzində keçiriləcək yarışda 7 komanda mübarizə aparacaq. Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan və Səudiyyə Ərəbistanı milliləri iştirak edəcək. Həmçinin Avropa Boks Konfederasiyasının (EUBC) komandası da bu yarışda qüvvəsini sınayacaq.
97 boksçunun gücünü yoxlayacağı turnirin açılış mərasimi 14:30-da olacaq. Saat 15:00-da isə döyüşlər başlayacaq. Yarışa dekabrın 22-də yekun vurulacaq.
Xatırladaq ki, Abbas Ağalarovun xatirə turnirinin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq.


