Beynəlxalq yoxlama oyunu çərçivəsində doğma meydanda Türkiyə millisini qəbul etmiş ABŞ yığması üçün bu oyun antirekordla başa çatıb.
Arena.az məlumat verir ki, oyunun 1-ci dəqiqəsində qol buraxmış “ay-ulduzlular” 3 dəqiqə ərzində (24-cü və 27-ci dəqiələr) vurduqları qollarla səfərdə əzmkar qələbə qazanıblar.
Bu məğlubiyyət nəticəsində “yankilər”in baş məşqçisi, 53 yaşlı argentinalı mütəxəssis Maurisio Poçettino ABŞ milli komandasının sükanı arxasında son on il ərzində ardıcıl 3 məğlubiyyət yaşamış ilk çalışdırıcı olub. Buna qədər müvafiq uğursuzluğu ABŞ yığması ilə 2015-ci ildə alman mütəxəssis Yurgen Klinsman yaşamışdı.
Xatırladaq ki, daha əvvəl ABŞ yığması CONCACAF Millətlər Liqasının yarımfinalında Panama yığmasına məğlub olub – 0:1. Ardınca isə “yankilər” yarışın 3-cü yeri – bürünc medal uğrunda oyunda Kanada yığmasına məğlub olublar – 1:2.
Yurgen Klinsmanın “yankilər”i isə 2015-ci ildə beynəlxalq yoldaşlıq görüşlərində Braziliya (1:4) və Kosta-Rika komandalarına, həmçinin CONCACAF Çempionlar Kubokunun final oyununda Meksika yığmasına (2:3) məğlub olmuşdular.
Göründüyü kimi, Poçettinonun “yankilər”i mütləq antirekord istiqamətindədirlər.


