AÇ-2024: Coşua Zirkze Niderland yığmasına çağırıldı

İtaliyanın “Bolonya” klubunun mərkəz hücumçusu Coşua Zirkzeni AÇ-2024-də iştirak üçün Niderland yığmasının düşərgəsinə çağırılıb.

Arena.az bu barədə Niderland yığmasının mətbuat xidmətinə istinadən məlumat verir.

Coşua Zirkze iştirak üçün təqdim edilmiş ərizədə hücumameylli yarımmüdafiəçi Tyon Kopmeynersi əvəz edəcək.

Xatırladaq ki, Niderland yığması heyətində qaçılmaz dəyişikliklərə əl atmağa məcbur olub. Tyon Kopmeyners və Frenki de Yonq zədə səbəbindən mötəbər yarışdan kənarda qalıblar.

Daha əvvəl “zanbaqlar” “Çelsi”nin Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən sol cinah müdafiəçisi Yan Matseni yığmanın düşərgəsinə çağırmışdılar.

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Yarışda Niderland yığması Polşa, Avstriya və Fransa yığmalarının yer aldığı “D” qrupunda mübarizə aparacaq.