Almaniyada təşkil olunmuş futbol üzrə sayca 17-ci Avropa çempionatına (AÇ-2024) bu gün – iyunun 14-də start verilib.
Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.
İştirakçılar hər birində 4 komanda olmaqla 8 qrupa bölünüblər.
Avropa çempionatının açılış matçında isə ev sahibi Almaniya millisi Şotlandiya yığması ilə üz-üzə gəlib. Münhendəki “Alyans Arena”da baş tutan matça Bakı vaxtı ilə saat 23:00-da start verilib. A qrupunun ilk matçını fransalı FIFA referisi Kleman Türpen idarə edib.
Oyun kifayət qədər məhsuldar alınıb. Oyuna daha yaxşı başlayan almanlar darmadağına imza atıblar. Bu Avropa çempionatının ilk qoluna 10-cu dəqiqədə Florian Virts imza atıb. İlk hissənin sonunda Şotlandiya yığması azlıqda qalıb. Penalti qazanan almanlar fasiləyə qədər 3-cü qolu vurublar. İkinci hissədə daha 3 qol qeydə alınıb. Bunlardan birinə şotlandlar, ikisinə isə almanlar seviniblər. Yekunda Almaniya yığması 5:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında baş tutacaq.
AÇ-2024
A qrupu
14 iyun
Almaniya – Şotlandiya 5:1
Qollar: Florian Virts, 10. Camal Musiala, 19. Kay Haverts, 45+1-pen. Nikolas Füllkruq, 68. Emre Can, 90+3 – Antonio Rüdiger, 87-öz qapısına.
Qırmızı vərəqə: Rayan Porteus, 44 (Şotlandiya).
Baş hakim: Kleman Türpen (Fransa).
Münhen, “Alyans Arena”.


