AÇ-2024: İspaniya Almaniyanı yarımfinala buraxmadı

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün 1/4 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, mərhələnin ilk oyunu meydan sahibi Almaniya yığması ilə İspaniya millisi arasında baş tutub.

Bu Avropa çempionatının iki əsas favoriti arasında baş tutan oyun Ştutqart şəhərində təşkil olunub. Görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənib. Qarşılaşmanın ilk hissəsi qolsuz yekunlaşıb. İkinci hissənin əvvəlində ispanlar hesabı açıblar. Almanlar yalnız matçın son dəqiqələrində məğlubiyyətdən xilas olublar. Bu üzdən erkən final kimi dəyərləndirilən matç əlavə vaxta gedib. Əlavə vaxtda daha bir qol vuran İspaniya yığması adını yarımfinala yazdırıb. Almanlar isə meydan sahibi olduqları bu Avropa çempionatı ilə vidalaşmaq məcburiyyətində qalıblar.

Günün digər oyunu Portuqaliya və Fransa yığmaları arasında baş tutacaq. Hamburq şəhərində keçiriləcək bu görüşə saat 23:00-da start veriləcək. Bu cütün qalibi yarımfinalda məhz İspaniya yığmasına rəqib olacaq.

Xatırladaq ki, bu mərhələnin İngiltərə – İsveçrə və Niderland – Türkiyə oyunları sabah keçiriləcək.

AÇ-2024
1/4 final
5 iyul

İspaniya – Almaniya 2:1
Qollar: Dani Olmo, 51. Mikel Merino, 119 – Florian Virts, 89.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart. “MHP Arena”.