Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti matçına çıxacaq.
Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Türkiyə yığması ilə üz-üzə gələcək.
B Liqasının 1-ci qrupu çərçivəsində “Ərzincan 13 şubat” şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 21:00-da səsləndiriləcək. Qarşılaşmanı fransalı hakim Aleksandra Kollin idarə edəcək.
Qrupun digər matçında İsveçrə yığması Macarıstan millisini qəbul edəcək. Bu görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi bu qrupdakı ilk matçını səfərdə Macarıstan yığmasına qarşı keçirmişdi. Həmin oyunda qalib müəyyənləşməmişdi – 1:1. İsveçrə yığması ilə ev oyununda isə komandamız böyük hesabla uduzmuşdu – 0:4. Türkiyə millisi isə səfərdə İsveçrəyə 1:3 uduzsa da, evdə Macarıstanı 2:1 hesabıyla üstələyib.
Hazırda 1-ci qrupda İsveçrə 6 xalla vahid liderdir. Türkiyə yığmasının 3, Macarıstan və Azərbaycan yığmalarının hərəyə 1 xalı var.
Sonda onu da xatırladaq ki, millimiz qrupdakı növbəti matçını da Türkiyə yığmasına qarşı keçirəcək. Bu oyun isə Bakıdakı “Dalğa Arena”da baş tutacaq. İyunun 4-də keçiriləcək oyuna saat 19:00-da start veriləcək.
AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 1-ci qrup
31 may
21:00. Türkiyə – Azərbaycan
Hakimlər: Aleksandra Kollin, Elodie Koppola, Klotilde Brassar, Klemens Qonçalveş (hamısı Fransa).
Ərzincan, “13 şubat stadionu”.
Xal: İsveçrə – 6. Türkiyə – 3. Macarıstan – 1. Azərbaycan – 1.


