“Kəpəz”in yeni transferi Adama Niane Azərbaycan təmsilçisinə keçidi ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, malili forvard bir neçə təklifinin olduğunu, amma sonda Gəncə klubuna üstünlük verdiyini bildirib.
O, bu keçidin “Kəpəz” üçün xeyirli olacağına inamını ifadə edib: “Gəncəyə gəldiyimə görə qətiyyən peşman deyiləm, əksinə sevincliyəm. Yaxşı kollektivimiz var. Uşaqlar bir-birilərinə qarşı mehribandırlar. İlk gəldiyim gündən doğma insan kimi qarşılandım. Bu da xoş gəlir. Özümü yad hiss etmirəm. “Kəpəz”i seçməyimdə klubun transferimdə israrlı olması həlledici rol oynadı. Hiss etdim ki, bu komandaya daha çox lazımam. Mənə hədsiz inandılar və bu, məni sevindirir. Odur ki, əlimdən gələni və gəlməyəni edib etimad göstərənləri peşman etməməyə çalışacağam. Məqsədim komanda üçün xeyirli olmaqdır”.
Adama Niane əlavə edib ki, onun gəlişi hücum xəttinə güc qatacaq: “Təkcə klubun yox, mənim də belə komandaya ehtiyacım var. Ümidlər böyükdür, bunu başa düşürəm. Qollar və ya məhsuldar ötürmələrlə kollektivə yardımçı olaram. Məşqlərdə əzmlə hazırlaşırıq. Hücum xəttinin gücünü artırmalıyıq. Böyük tarixə malik kluba gəlmişəm, bunu yaxşı bilirəm. İnşallah, “Kəpəz” üçün ən yaxşısı nədir, meydanda onu edəcəyəm. Üzərimə düşən iş komandanın ön xəttini gücləndirməkdir”.
Xatırladaq ki, Niane “Kəpəz”lə 1 illik, bu mövsümün sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb. Onun sonuncu iş yeri bu yay yollarını ayırdığı İranın “Nassaji” komandası olub.


