“Kəpəz”in baş məşqçisi Adil Şükorov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı 3:1 hesablı qələbəyə sevindikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Tam istədiyimiz kimi gözəl, baxımlı futbol olmadı. Çünki nəticə daha önəmli idi. Nəticəyə oynamağa çalışdıq. Son dəqiqələrdə müdafiəyəmeyilli və sürətli futbolçuları meydana buraxdıq. Bu da öz bəhrəsini verdi. Bizim üçün vacib olan 3 xal idi, onu da qazandıq. İlk üçlükdə olan rəqibə qarşı sırf müdafiədən oynadıq. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıda oyunlar çoxdur. Çox şeylər dəyişə bilər. Bizim ev oyunları ilə bağlı problemimiz var. Bunu həll etməliyik. Bəzi komandalar bizə öz stadionlarını vermədilər. Buna görə də davamlı olaraq səfərdə oynamalıyıq. Premyer Liqada qalmağı təmin etmək üçün hələ 4-5 oyunda da qalib gəlməliyik. Əsas hədəflərimizdən biri də gəncəli iş adamlarını komandaya cəlb etməkdir. “Kəpəz” Premyer Liqada qalsa, ümid edirik ki, iş adamları da Gəncənin komandasına sahib çıxarlar”.
Ev oyunlarını Qəbələdə keçirən “Kəpəz” artıq bu şansdan məhrumdur. Bu məqama da toxunan Adil Şükürov növbəti ev oyununu Tovuzda keçirəcəklərini bildirib:
“Təbii ot örtüyündə məşq edib Tovuzda süni meydanda oynamaq çətindir. Belə olan halda futbolçuların zədələnmə ehtimalı da artır. Məsafə baxımından Tovuz bizim üçün əlverişlidir. Amma oyun baxımından təbii meydança olsa, daha yaxşıdır. “Neftçi”ni Tovuzda qəbul edəcəyik. Ondan sonrası qeyri-müəyyəndir. Rəhbərliklə danışırıq. Ümid edirik ki, təbii meydança tapılacaq. Bu da yalnız Bakıda var. Belə olduqda da biz əlavə vaxt itiririk. Bütün bunları nəzərə alıb addım atmalıyıq”.
Samir Abasovdan sumqayıtlı azarkeşlərin ünvanına sərt açıqlama
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Rəqibi təbrik edirəm. Oyunumuzda nələrin alınıb-alınmadığını indi deyə bilmirəm. Futbolçuların üzərinə getmək doğru olmaz. Çox üzgündürlər. Qələbə qazanmaq istəyirdilər. Planlaşdırmadığımız bir məğlubiyyətlə üzləşdik. Növbəti oyunlarda bunun əvəzini çıxmağa çalışacağıq”.
Samir Abasvo bu oyunda tribunaların boş qalmasından da şikayətlənib:
“Bu, bizim futbolun problemidir. Bir az sərt olacağam və həmişəki kimi kimlərinsə xoşuna gəlməyəcək. Fan klubumuza təşəkkür edirəm, deyəcəklərimin onlara aidiyyatı yoxdur. Bu gün Sumqayıtda heç bir azarkeşin ixtiyarı yoxdur desin ki, “Kəpəz”ə niyə uduzdun? Bu ixtiyarın sahibi olmaq üçün gəlib komandanı dəstəkləmək lazımdır. Açılış matçında stadion dolu idi. Deməli sən bura futbolçulara, komandaya görə yox, müğənnilərə görə gəlmisən. Get otur, evində bax. Futbolçulara, komandaya nəsə demək istəyirlərsə, gəlsinlər stadionu doldursunlar. Açılış oyununda dəstəklərini göstərdilər. Gəlməyəcəklərsə, onlara görə uduzmayacağıq, özümüzə görə oynayırıq. Dünənə kimi stadion davası edən insanlar var idi. Bu cür stadion tikilib. Onlara görə oyunun vaxtını dəyiş ki, vaxt uyğun olsun, oyuna 200 nəfər gəlir. Heç kimin danışmağa ixtiyarı yoxdur. Mən bunu bir sumqayıtlı kimi deyirəm”.