“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Allaha çox şükür olsun ki, belə vacib oyunda bizə qələbə qazanmaq nəsib oldu. Mən bütün “Kəpəz” azarkeşlərinə dəstəyə görə təşəkkür edirəm. Bura gələn və ya evdən, işdən bizi izləyənlər sevgi göstərirlər. Onların hamısının ürəyi bizimlədir. Futbolçularıma da təşəkkür edirəm. Verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Düzdür, bəzi çatışmazlıqlar oldu. Qarşıda böyük işlərimiz var, hazırlaşmalıyıq”.
Adil Şükürov rəqib komanda və həmkarı barədə də müsbət fikirlər səsləndirib:
“Azər Bağırov doğrudan da, yaxşı komanda formalaşdırıb. Onun komandaları ilə oyunlar asan keçmir. İndi də bizə böyük çətinliklər yaşatdılar. Rəqibin heyətində bacarıqlı futbolçular var. Biz standart vəziyyətlər zamanı əlimizə düşən imkanlardan istifadə etdik. Məşqlərdə bunun üzərində işləmişdik. Məşqlərdə etdiklərimizi oyunlarda reallaşdıra bilirik və bu, bizi sevindirir. Bundan sonra işimiz daha ağır olacaq. Buna hazır olmalıyıq”.
“Ən zəif oyunumuzu keçirdik” – Azər Bağırov
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:
“Rəqibi təbrik edirik. Bugünkü oyun göstərdi ki, böyük ölçüdə dəyişikliklər etmədikdə həm kubok, həm də çempionat matçında mübarizə aparmaq çətin olur. Çünki 4 gün əvvəl oynadıq, ardınca bu gün meydana cıxdıq. Belədə uşaqlar həm performansını, həm də oyunlarını itirirlər. Ümumilikdə oyunla bağlı çox şey danışmaq istəmirəm. İki standart vəziyyətdən qol buraxdıq, özümüz isə epizodlarımızı qola çevirə bilmədik. Bu qədər qol epizodu yaradırıq, amma reallaşdıra bilmirik. Buna görə çox təəssüflənirik. Əsas problem budur. İlk 20 dəqiqə istisna olmaqla yorğunluq nəticəsində mövsümdə ən zəif oyunumuzu keçirdik”.


