“Zirə” və “Şüvəlan”ın sabiq çalışdırıcısı Adil Şükürov “Kəpəz” komandasının yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandanın yeni baş məşqçisi məlum olub. Bu post Adil Şükürova tapşırılıb. Gənc mütəxəssislə müqavilənin müddəti 2 ildir. Məşqçi bu gündən vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, Adil Şükürov vaxtilə futbolçu kimi də “Kəpəz”də çıxış edib. O, 1999/2000 mövsümdə “sarı-göylər”in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.
Şükürov məşqçilik karyerası ərzində “Zirə”yə tarixində yeganə gümüş medalı qazandırıb. O, vaxtilə Birinci Divizionda çıxış edən “Şüvəlan”ı da çalışdırıb.


