“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Biz futbolu azarkeşlərimiz üçün oynayırıq. Onların komandanın yanında olması, dəstəkləməsi bizi çox sevindirir. İnamlarını görürük və çalışırıq ki, daha yaxşı oynayaq.
Oyuna gəlincə, buraxdığımız qolların üzərində daha çox işləməliyik. Oyun olaraq rəqibdən geri qalmadıq. Sadəcə, epizodlarımızdan istifadə edə bilmədik. Rəqib isə əksinə, fürsətləri dəyərləndirdi, qalib gəldi. Diqqətimizi çempionatın fasilədən sonrakı bölümünə yönəldəcəyik. Belə oyunlarda gənc futbolçunu meydana buraxdıq. Əsas məqsədimiz Cavad Kərimov kimi oyunçuları qazanmaqdır. Hücumameyilli oyunçumuz təkcə Cavad idi”.
Adil Şükürov “Kəpəz”in bu mövsüm üçün hədəflərini də açıqlayıb: “Əsas hədəfimiz Premyer Liqada qalmaqdır. Futbolçularımız bu gün bacardıqlarını edirlər. Bu cür oynaya bilirlərsə, məncə, onlar özlərini inkişaf etdirə bilər. 1-2 oyunçu gətirməklə, komandanı daha da gücləndirməyə çalışacağıq. Bu oyunda maksimumu edə bilmədik. Bu da təbiidir. İstəyirik ki, futbolçularımız ən yaxşısını etsinlər”.
“Neftçi”nin mətbuat konfransına isə köməkçi-məşqçi Sənan Qurbanov qatılıb. O, “ağ-qaralar”ın qələbə qazandığı matçla bağlı bunları söyləyib:
“Maraqlı oyun alındı. Futbolçulara yeni ilə pozitiv başlamaq üçün bu oyunun vacibliyini çatdırmışdıq. Çətin olsa da, qalib gəldik. Yeni ildə bu qələbənin yaxşı təsir edəcəyini düşünürəm. Futbolçuları təbrik edirəm.
“Neftçi” böyük klubdur, brenddir. Kuboku qazansaq, klub və mənim üçün sevindirici olardı. Mən də komandaya kömək etməyə çalışıram. Komandada hər zaman futbolçulara ehtiyac var. Rəqabət olsa, yaxşıdır. Hücum xəttində dişsizlik var. Qol imkanlarından yararlana bilmirik. Bu, bizi də narahat edir. Qışda “Neftçi”yə layiq oyunçu tapmaq çətindir. Axtarışlar gedir. Yaxşı oyunçu olarsa, komandaya cəlb edə bilərik”.


