“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 10-cu turunda “Səbail”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, rumın mütəxəssis 4:2 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün yaxşı oyun və nəticə oldu. Futbolçuların performansından razı qaldım. Onları təbrik edirəm. 4 qol vurduq. Amma daha çox şanslarımız var idi. Emin Mahmudovun komandadakı rolunu çox yüksək qiymətləndirirəm. Bu gün onun yoxluğunda həmin mövqedə Filip Ozobiç oynadı. Fikrimcə, heç də pis çıxış etmədi”.
Adrian Mutu “Neftçi”də hücumçulardan daha çox müdafiəçilərin və digər mövqe oyunçularının qol vurmasına da münasibət bildirib: “Rəhman Hacıyevin qol vurmağına görə sevinirəm. Aaron Olanarenin də oyununu qeyd edərdim. Komanda üçün döyüşdü. Oyundan-oyuna fiziki durumu yaxşılaşır. Andre Şinyaşiki sonradan oyuna qoşulub qol ötürməsi etdi. Bu gün hücum oyunçuları öz işlərini gördülər. Məni ən çox sevindirən futbolçuların xarakter göstərərək geridönüş etməsidir”.
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə məğlubiyyətsiz seriyalarının qırıldığı bu matçla bağlı bunları dilə gətirib:
“Azarkeşlər yaxşı futbol izlədilər. Oyunda hər şey var idi. Hər iki komanda qalib gələ bilərdi. Layiqli futbol oynadıq. Standart vəziyyətdən lazımsız qol buraxdıq. Bundan sonra hesabın 2:3 və 2:4 olmasının heç bir fərqi yox idi. “Neftçi”ni təbrik edirəm. Daha istəkli idilər. Komandadan razıyam. Belə oynamağa davam etsək, nəticələr gələcək. Düz yoldayıq. Mənim futbol fəlsəfəm elədir ki, istəyirəm daim hücum edək, şən futbol oynayaq. 10 oyunun hamısında qol vurmuşuq. Müdafiədə oturmadıq. Ondan sonra da hücumlar etdik. Bu gün meydana qələbə üçün çıxmışdıq. Kiminlə oynamağımızdan asılı olmayaraq, müdafiədə oturmayacağıq. Xoşbəxtliyi rəqib qapısında axtarmağa çalışırıq.
Erkən qol bəzi hallarda futbolçularda psixoloji rahatlıq yaradır. Bütün komandalarda belədir, qol vurandan sonra qapını toxunulmaz saxlamağa çalışırsan. Bu da mane olur. İlk 15 dəqiqədə qol vurmaq istəyirdik. Buna nail olduq. İstəmədən müdafiəyə oturduq. Amma bundan sonra 3 qol şansımız oldu. İkinci qolu vursa bilsəydik, bizim üçün daha yaxşı olardı”.


