“Neftçi”nin Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf bu gün rumıniyalı futbol mütəxəssisi Adrian Mutu ilə görüşüb.
Arena.az xəbər verir ki, görüşdə “Neftçi” PFK-nın hazırkı durumu və qarşıya qoyulan hədəflər barədə fikir mübadiləsi aparılıb, klubla bağlı gözləntilər diqqətə çatdırılıb.
Daha sonra rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalanıb.
Xatırladaq ki, ötən mövsüm “Neftçi” PFK-nı çalışdıran baş məşqçi Laurentsiu Regekampf və onun köməkçiləri ilə iyunun 21-də yollar ayrıldıqdan sonra bir sıra namizədlərlə danışıqlar aparılıb. Onların arasından klubla maraqları üst-üstə düşən, bacarıq və potensialı ən yüksək olan mütəxəssislə anlaşılıb. Yeni baş məqşçinin ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq. Bu xüsusda mətbuat konfransı da təşkil olunacaq.
Qeyd edək ki, Adrian Mutu 1979-cu il yanvarın 8-də anadan olub. Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan Mutu ölkəsində bir neçə klubla yanaşı, İtaliyada “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” klublarının formasını geyinib. O, Rumıniya milli komandasının heyətində 77 oyun keçirib, 35 qol vurub.
Mutu 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.
Adrian Mutu “Voluntari” (Rumıniya, 2018), “Əl-Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya” (Krayova, Rumıniya, 2021) və “Rapid”in (Buxarest, Rumıniya, 2022-2023) baş məşqçisi olub. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir. O, son klubu “Rapid”dən bir neçə gün öncə məhz “Neftçi”dən aldığı təklifə görə ayrılıb.







