AFFA Ayaz Abdullayevlə bağlı şikayəti təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Hypers Quba” klubunun prezidenti Ayaz Abdullayevlə bağlı şikayəti təmin etməyib.

Arena.az bu barədə milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, AFFA İntizam Komitəsinin aprelin 1-də verdiyi qərar qüvvədə saxlanılıb.

Apellyasiya Arbitraj Tribunalının qərarları belədir:

  1. “Hypers Quba” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
  2. 1 aprel 2025-ci il tarixdə İkinci Liqada 19-cu tur çərçivəsində keçirilən “Hypers Quba” – “Ağdaş” oyunu bitdikdən sonra “Hypers Quba” klubunun prezidenti Ayaz Abdullayev hakimi təhqir etdiyinə görə klub rəsmisinin 3 oyun şərti olmaqla 5 oyun cəzalanması, klubun 400 AZN məbləğində cərimə olunması və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 43.4-cü və 32-ci maddələri) barədə AFFA İntizam Komitəsinin 3 aprel 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
  3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Xatırladaq ki, Ayaz Abdullayev İkinci Liqanın 19-cu turunda “Ağdaş”la keçirilən matç bitdikdən sonra hakimi təhqir edib. Klub rəsmisi 3-ü şərti olmaqla 5 oyunluq cəzalanıb. İkinci Liqa təmsilçisi isə 400 manat cərimə olunub. Ayaz Abdullayevə 3 ay sınaq müddəti təyin edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: