Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Birinci Liqa və İkinci Liqanın son turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul olunub.
Arena.az sizi həmin qərarların siyahısı ilə tanış edir:
Birinci Liqa, 9-cu tur
“Qaradağ Lökbatan” – MOİK oyununda “Qaradağ Lökbatan”da 6 nəfər sarı vərəqə aldığına görə Lökbatan komandası 70 manat cərimə edilib. Oyun polis nümayəndəsi olmaması səbəbindən gec başladığına görə “Qaradağ Lökbatan” daha 100 manat cərimə ödəyəcək.
“Baku Sportinq” – “Difai” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Baku Sportinq” 80 manat cərimə edilib.
“Mingəçevir” – “İmişli” oyununda “Mingəçevir”in 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Zaqatala” – “Karvan” oyununda “Karvan”ın inzibatçısı Məhəmmədəli Hüseynov “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə Yevlax klubu 50 manat cərimə edilib.
“Qəbələ” – “Cəbrayıl” oyununun 76-cı dəqiqəsində “Cəbrayıl”ın 8 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Cəbrayıl” buna görə 50 manat cərimə edilib.
İkinci Liqa, 12-ci tur
“Ağdaş” – “Qusar” oyununun 47-ci dəqiqəsində “Ağdaş”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 150 manat cərimə edilib. Oyunun 89-cu dəqiqəsində “Ağdaş”ın cəzalı baş məşqçisi Ruslan Hüseynov meydançaya daxil olduğuna, hakimləri təhqir etdiyinə görə cəzasının üzərinə 5 oyun əlavə edilib.
“Göygöl” – “Dinamo” oyununda “Göygöl”ün 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib. “Dinamo”nun 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Hypers Quba” – “Kür-Araz” oyununda topdaşıyanların say limiti pozulduğuna görə Quba komandası 80 manat cərimə edilib.
“Lerik” – “Saatlı-Araz” oyununun 76-cı dəqiqəsində “Lerik”in futbolçusu Elvin Cahangirli təcavüzkar davranışa (rəqibi başla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Lerik” komandası buna görə 300 manat cərimə edilib.


