AFFA Birinci və İkinci Liqa klublarını cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci və İkinci Liqalardakı qayda pozuntularına hüquqi qiymət verilib.

Arena.az xəbər verir ki, müzakirələrdən sonra Birinci Liqanın 25-ci, İkinci Liqanın 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Birinci Liqa, 25-ci tur

“İrəvan” – “Difai Ağsu” oyunu “İrəvan”ın formasında qüsurlar olması səbəbindən 7 dəqiqə gec başladığına görə sözügedən klub 80 manat cərimə edilib.

“Şamaxı” – “Karvan” oyununda “Karvan”ın futbolçusu Budaq Nəsirov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib.

“Mingəçevir” – “Zaqatala” oyununda “Zaqatala”nın 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov texniki zonanı tərk edərək hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 150 manat cərimə edilib.

“İmişli” – “Qaradağ Lökbatan” oyununda “İmişli”nin 4 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilib. Meydançaya atılan kənar əşyanın hakimə dəyməsi nəticəsində oyunda 10 dəqiqə fasilə yarandığına görə “İmişli” klubu 500 manat cərimə edilib. “İmişli” klubuna buna görə xəbərdarlıq edilib. Meydançaya kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib.

İkinci Liqa, 24-cü tur

“Qusar” – “Baku Sportinq” oyununda “Qusar”ın futbolçusu Firudin Ağalarov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.

“Kürmük Qax” – “Şəmkir” oyununda “Kürmük Qax”ın futbolçusu Nail Təhməzli təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib.

“Şəfa” – “Şahdağ Qusar” oyununda “Şəfa”nın futbolçusu Ramiz Qasımov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.

“Göygöl” – “Füzuli” oyununda “Göygöl”ün 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Füzuli”nin formasında qüsurlar olması səbəbindən oyun 7 dəqiqə gec başladığına görə sözügedən klub 80 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: