AFFA bu klublara lisenziya verdi

Bu gün AFFA-nın Lisenziya Komissiyasının növbəti iclası keçirilib və toplantıda 2024/2025 mövsümü üçün klubların sənədlərinə baxılıb.

Arena.az bu barədə milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir.

İclasda 2024/2025 mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Azərbaycan Premyer Liqasında və Yüksək Qızlar Liqasında iştirak üçün müraciət etmiş klubların sənədləri incələnib.

Lisenziya Komissiyası Azərbaycan klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 9-cu maddəsinə əsaslanan müzakirələrdən sonra bir sıra qərarlar qəbul edib:

1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz”, “Zirə”.

2. UEFA-nın qadınlar arasında Çempionlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Neftçi”, “Sumqayıt”.

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Araz-Naxçıvan”, “Kəpəz”, “Qəbələ”, “Səbail”.

4. AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Araz-Naxçıvan”, “Qəbələ”.

    Lisenziya iddiaçısı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

    Qeyd edək ki, Azərbaycan futbol klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025 mövsümündə aşağıda göstərilən lisenziyaları alan klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunur:

    • UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqası və Birinci Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
    • Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Birinci Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
    • UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm Yüksək Qızlar Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

    Cari mövsüm Birinci Liqa və İkinci Liqa yarışlarında, həmçinin Yüksək Qızlar Liqasında iştirak edən və ərizə ilə muraciət edən digər klubların ərizələrinə mayın 27-də baxılacaq. Bu klublarla bağlı müvafiq qərarlar həmin gün qəbul olunacaq.