AFFA-dan “Ağdaş”ın baş məşqçisinə 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kubokunda yeni mövsümün ilk raundu ilə bağlı qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Şəki” – “Araz Saatlı” oyununun 86-cı dəqiqəsində “Araz Saatlı”nın futbolçusu Pərviz Eyvazov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Araz Saatlı” buna görə 50 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 45-ci dəqiqəsində “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Ağdaş” buna görə 1000 manat cərimələnib. Oyunun 62-ci dəqiqəsində “Ağdaş”ın futbolçusu Ümid Paşayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Ağdaş” buna görə 100 manat cərimə edilib. Oyunun 76-cı dəqiqəsində “Ağdaş”ın digər futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Ağdaş” buna görə də 1000 manat cərimələnib. Oyun bitdikdən sonra “Ağdaş”ın futbolçusu Elvin İsmayılov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Ağdaş” buna görə 250 manat cərimə edilib.

“Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 42-ci dəqiqəsində “Kür-Araz”ın 3 nömrəli futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Kür-Araz” buna görə 50 manat cərimə edilib. Oyunun 120-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Kür-Araz” buna görə 50 manat cərimə edilib.

“Ağstafa Gəncləri” – “Şirvan” oyununda “Ağstafa Gəncləri”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Göygöl” – “Şəmkir” oyununda “Göygöl”ün 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyun “Şəmkir”in qapıçısının formasında problem olması səbəbindən gec başladığına görə “Şəmkir” 150 manat cərimə edilib.

“Quba” – “Xankəndi” oyununda “Quba”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: