Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Birinci Divizionun 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qaradağ Lökbatan” – “Qarabağ-2” oyununda “Qarabağ”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün Ağdam klubu 80 manat cərimə edilib. “Qarabağ”ın futbolçusu Musa Musazadə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb. Ağdam klubu buna görə 20 manat cərimə edilib. “Qaradağ Lökbatan” tərəfindən oyun topdaşıyan və xərəkdaşıyanlarla vaxtında təmin edilmədiyinə görə sözügedən klub 80 manat cərimə edilib.
“Mingəçevir” – “İmişli” oyununda “İmişli”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib. Meydançaya kənar şəxsin daxil olmasına görə “Mingəçevir” klubu 160 manat cərimə edilib.
MOİK – “Şamaxı” oyununda topdaşıyanlar oyun zamanı toplarla artıq rəftar etdiyinə görə meydan sahibi klub 80 manat cərimə edilib.
“Araz Naxçıvan” – “Kəpəz-2” oyununda “Kəpəz”in 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün Gəncə klubu 80 manat cərimə edilib.
“Qəbələ-2” – “Sumqayıt-2” oyununda topdaşıyanların say tərkibinin pozulmasına görə “Qəbələ” klubu 80 manat cərimə edilib. “Sumqayıt-2” oyunu gecikdirdiyinə görə qonaq komanda 80 manat cərimə edilib.
“Neftçala” üçün kütləvi cəza
İntizam Komitəsinin iclasında AFFA-nın bayrağı altında keçirilən digər turnirlərlə də bağlı diqqət çəkən qərarlar qəbul olunub:
Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin “Alyans Qrup” – “Rəvan” oyunu “Alyans Qrup” komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmayıb. Buna görə “Alyans Qrup”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
Region Liqasının “Neftçala” – “Qobustan” oyununda “Neftçala”nın futbolçusu Nadir Orucov hakimlər briqadasını təhqir etdiyinə və onlara hücum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalandırılıb. “Neftçala”nın digər futbolçuları – Rəhim Bayramzadə, Sehran Abbasov və Məhəbbət Əsgərov hakimlər briqadası və AFFA nümayəndəsini təhqir etdiyinə görə 4 oyun cəzalandırılıblar. Oyun bitdikdən sonra “Neftçala”nın texniki zonasında əyləşən şəxslər “Qobustan”ın texniki zonasına hücum edərək kütləvi qarşıdurmaya səbəb olublar. Buna görə 15, 8, 11 və 6 nömrəli futbolçular 6 oyun cəzandırılıblar. Oyun zamanı və oyundan sonra “Neftçala”nın baş məşqçisi Mehman İbrahimov hakimlər otağına daxil olaraq hakimləri təhqir edib. O, hətta fiziki təzyiqə də cəhd göstərib. Bütün bunlara görə o da 10 oyun cəzalandırılıb.
Region Liqasının “Marxal” – “Karvan” matçında “Marxal”ın baş məşqçisi Xalid Salamov hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 5 oyun cəzalandırılıb.
U-17 Liqasının “Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz”un baş məşqçisi Ruslan Məmmədov hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.
U-16 Liqasının İFA – “Sumqayıt” oyunu İFA komandası tərəfindən təcili tibbi yardım maşını və həkim briqadası təmin edilmədiyi üçün baş tutmayıb. Buna görə İFA-ya 0:3 hesabı ilə məğlubiyyət verilib.
U-14 Liqasının “Şahdağ” – İCBFA oyununda İCBFA-nın baş məşqçisi Məhəbbət Rəhimov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.
U-12 Liqasının “Mübariz” FA – “Sabah” oyunu “Mübariz” təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmayıb. Buna görə “Mübariz” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasının İCBFA – 8№-li İOEUGİM oyunu qonaq komanda təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmayıb. Buna görə İOEUGİM komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.


