Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci və İkinci Liqaların oyunları ilə bağlı müxtəlif qərarlar qəbul olunub.
Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra bu iki liqanın son turundakı oyunlarda qeydə alınan müxtəlif qayda pozuntularına hüquqi qiymət verilib:
Birinci Liqa, 2-ci tur
“Qaradağ Lökbatan” – “Qəbələ” oyununun 51-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Tunar Mütəllimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qaradağ Lökbatan” buna görə 80 manat cərimə edilib. Oyunun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Qaradağ Lökbatan” 80 manat cərimə edilib.
“Difai” – “İmişli” oyununun matçöncəsi iclasında “İmişli”nin nümayəndəsi iştirak etmədiyinə görə sözügedən klub 80 manat cərimə edilib.
İkinci Liqa, 3-cü tur
“Qusar” – “Dinamo” oyununda “Dinamo”nun futbolçusu Elmin Qaçaylı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə edilib.
“Göygöl” – “Şəmkir” oyununda “Göygöl”ün 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyunöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyinə görə “Göygöl” 80 manat cərimələnib. İclas otağı hazır olmadığına görə oyunöncəsi iclas gec başladığı üçün “Göygöl” 80 manat cərimə edilib. Xərəkdaşıyanlar olmadığına görə “Göygöl” klubu 80 manat cərimə edilib. “Göygöl”ün üzvlərində “A buraxılışı” vəsiqəsi olmadığına görə klub 50 manat cərimə edilib. “Göygöl”ün heyətində adı matçın protokolunda olmayan futbolçu Araz Quliyev oyuna daxil olduğuna görə “Göygöl”ə 0:3 hesablı texniki məğlubiyyət verilib. “Göygöl” buna görə 400 manat cərimə də edilib.
“Şəki Siti” – “Füzuli” oyununda “Şəki Siti”nin 4 futbolçusu sarı vərəqə aldığına görə Şəki klubu 70 manat cərimələnib. “Şəki Siti”nin futbolçusu Elçin Ramazanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəki Siti”nin futbolçusu Eldəniz Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib. “Şəki Siti”nin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Şəki klubuna xəbərdarlıq edilib. Oyun “Füzuli”nin formasında qüsurlar olduğuna görə gec başladığı üçün sözügedən klub 80 manat cərimə edilib.
“Ağdaş” – “Saatlı-Araz” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə aldığına görə bu klub 70 manat cərimə edilib. “Ağdaş”ın futbolçusu Vasif Nəsirov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 150 manat cərimə edilib. Oyun bitdikdən sonra “Ağdaş”ın futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “Saatlı-Araz”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.


