Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra İkinci Liqanın 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Füzuli” – “Lerik” oyununda “Lerik”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Cəbrayıl” – “Ağdaş” oyununda “Cəbrayıl”ın futbolçusu Əliəkbər Şəbiyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.
“Göygöl” – “Şəki Siti” oyununda “Şəki Siti”nin futbolçusu Xaliq Şabanov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Şəki klubu buna görə 150 manat cərimə edilib.
“Göygöl”ün 5 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib.
“Göygöl”ün futbolçusu Ülvi Cəlilov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.
“Göygöl”ün futbolçusu Vüqar Əşrəfli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.
“Göygöl”ün qapıçısı Nicat Əmirxanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə edilib.
“Göygöl”ün baş məşqçisi Araz Mansurov köməkçi hakimə fiziki təzyiq göstərib, təhqir edib. Ardından o, meydançaya daxil olaraq matçın baş hakiminə də fiziki təzyiq göstərib, onu təhqir edib. Buna görə Mansurov 10 oyun cəzalanıb, klubu 2000 manat cərimələnib.
83-cü dəqiqədə şəxsiyyəti müəyyən olunmamış şəxslərin meydançaya daxil olaraq oyunun hakimlərinə fiziki təzyiq göstərməsi, ardınca baş hakim tərəfindən görüşün yarımçıq dayandırılmasına görə “Göygöl”ə texniki məğlubiyyət (0:3) verilib. “Göygöl” 500 manat cərimə də ödəyəcək. “Göygöl”ə növbəti ev oyununu azarkeşsiz keçirmək sanksiyası tətbiq edilib. Bu sanksiya İkinci Liqa oyununa aiddir.
Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç 7 dəqiqə gec başladığına görə “Göygöl” 100 manat cərimə edilib.
Oyunun 65 və 83-cü dəqiqələrində “Göygöl”ün azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Göygöl”ə xəbərdarlıq edilib.


