AFFA kubok oyunlarına görə 6 klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kubokunun ilk təsnifat mərhələsinin oyunları ilə bağlı qərarlar çıxarılıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, bu gün baş tutan iclasda Azərbaycan Kubokunun 2024/2025-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin oyunlarında qeydə alınan qayda pozuntularına belə hüquqi qiymət verilib:

“Göygöl” – “Hypers Quba” oyununda “Göygöl”ün 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Göygöl” komandası 80 manat cərimə edilib. “Göygöl” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib. “Hypers Quba”nın 5 futbolçusu sarı vərəqə aldığına görə Quba komandası 70 manat cərimə edilib.

“Lerik” – “Ağdaş” oyununda oyun günü planı pozulduğuna görə “Lerik” komandası 100 manat cərimə edilib. “Ağdaş” matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Şəki Siti” – “Şəmkir” oyunu “Şəmkir”in qapıçısının formasında qüsur olması səbəbindən matç gec başladığı üçün sözügedən klub 80 manat cərimə edilib.

“Dinamo” – “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

Xatırladaq ki, Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün ilk təsnifat mərhələsinin oyunları 12-14 oktyabr aralığında baş tutub. 2-ci təsnifat mərhələsinin oyunlarına oktyabrın 29-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: