AFFA Nicat Oruclunu 4 oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 2-ci turunun oyunlarındakı qayda pozuntularına hüquqi qiymət verilib.

Arena.az xəbər verir ki, bu gün keçirilmiş iclasda aşağıdakı qərarlar qəbul olunub:

“Lerik” – “Şəki Siti” oyununda “Lerik”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 67-ci dəqiqəsində “Lerik”in futbolçusu Vasif Fərəcov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Lerik” buna görə 50 manat cərimə edilib. Bu oyunda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Lerik” komandası 50 manat cərimə edilib.

“Füzuli” – “Qusar” oyununun 74-cü dəqiqəsində “Qusar”ın futbolçusu Sərxan Ağayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Qusar” buna görə 50 manat cərimə edilib.

“Şimal” – “Ağdaş” oyununda “Şimal”ın 4 futbolçusu sarı vərəqə aldığına görə, sözügedən komanda 70 manat cərimə edilib.

“Şəmkir” – “Hypers Quba” oyunu bitdikdən sonra “Şəmkir”in azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə sözügedən klub 80 manat cərimə edilib. “Şəmkir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə bu klub daha 150 manat cərimə edilib. Oyunun 60-cı dəqiqəsində “Hypers Quba”nın futbolçusu Rəhim Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Quba komandası buna görə 80 manat cərimə edilib. Oyunun 75-ci dəqiqəsində “Hypers Quba”nın futbolçusu Nicat Oruclu ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanıb. Quba klubu buna görə 350 manat cərimə edilib.

“Saatlı-Araz” – “Göygöl” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə, Saatlı komandası 80 manat cərimə edilib. “Göygöl”ün 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyunun 83-cü dəqiqəsində “Göygöl”ün futbolçusu Elşən Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Göygöl” buna görə 50 manat cərimə edilib.

“Kür-Araz” – “Şahdağ Qusar” oyunu “Kür-Araz”ün meydançaya gec çıxması səbəbindən gec başladığına görə sözügedən komanda 150 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: