AFFA “Qusar”a da texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın oyunları ilə bağlı müxtəlif qərarlar çıxarılıb.

Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra bu turnirin 16-cı turunun oyunları ilə aşağıdakı qərarlar qəbul edilib:

“Kürmük Qax” – “Kür-Araz” oyununda “Kürmük Qax”ın futbolçusu Ramin Hacıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimələnib.

“Göygöl” – “Qusar” oyununda “Göygöl”ün 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Göygöl”ün futbolçusu Ülvi Cəlilov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, klubu 150 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib. “Qusar”ın futbolçusu Mirmehdi Rzayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qusar” da bu üzdən 80 manat cərimə edilib. “Qusar”ın futbolçusu Viqar Əlibabayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qusar” buna görə 50 manat cərimə ödəyəcək. “Qusar”ın heyətində futbolçu Emil Valehovun əvəzinə adı protokolda qeyd edilməmiş futbolçu Elnur Dəmirli oyuna daxil olduğuna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib. “Qusar” 400 manat cərimə də edilib.

“Füzuli” – “Dinamo” oyununda “Dinamo”nun 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Şəmkir” – “Şəfa” oyununda “Şəfa”nın futbolçusu Nicat Abbasov azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 350 manat cərimə edilib. “Şəfa”nın futbolçusu Ramiz Qasımov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra oyunun baş hakimi və azarkeşləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 350 manat cərimə edilib.

“Lerik” – “Ağdaş” oyununun 75-ci dəqiqəsində “Lerik”in futbolçusu Azad Bayramzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Onun klubu da 50 manat cərimə edilib. “Lerik”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 150 manat cərimələnib.

Xəbəri sosial şəbəkələrdə paylaş: