Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 10-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
“Quba” – “Ağstafa Gəncləri” oyununun 21-ci dəqiqəsində “Quba”nın futbolçusu Ramin Məhərrəmov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Quba” buna görə 100 manat cərimə edilib. Oyunun 61-ci dəqiqəsində “Quba”nın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 300 manat cərimə edilib. “Ağstafa Gəncləri” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün Ağstafa təmsilçisi 70 manat cərimə edilib.
“Göygöl” – “Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili gec gəldiyinə görə matç gec başladığı üçün “Göygöl” 200 manat cərimə edilib.
“Kür-Araz” – “Xankəndi” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə sözügedən klub 150 manat cərimə edilib.


