Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin oyunlarındakı qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Araz Saatlı” – “İrəvan” oyununda “Araz Saatlı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə Saatlı klubu 70 manat cərimə edilib. “İrəvan”ın nümayəndəsi iştirak etmədiyinə görə “İrəvan” 80 manat cərimə edilib. PFL Əsasnaməsinin tələbi pozulduğuna görə Saatlı klubu 50 manat cərimə edilib.
“Karvan” – “Difai Ağsu” oyununda “Difai Ağsu”nun 4 futbolçusu sarı vərəqə aldığına görə Ağsu klubu 70 manat cərimə edilib. “Difai Ağsu”nun futbolçusu Seymur Rəhimov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 150 manat cərimə edilib.
MOİK – “Cəbrayıl” oyununda “Cəbrayıl”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Kəpəz” – “Baku Sportinq” oyunun hər iki hissəsi “Baku Sportinq”in meydana gec çıxması səbəbindən yubandığına görə sözügedən klub 150 manat cərimə edilib.
“Kür-Araz” – “Araz-Naxçıvan” oyununda “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klubu 70 manat cərimə edilib.
“Lerik” – “Sumqayıt” oyununda “Lerik”in futbolçusu Rahid Ağazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb və hadisə nəticəsində “Sumqayıt”ın futbolçusu Kristian Velinovski əmək qabiliyyətini bir neçə aylıq itirib. PFL Əsasnaməsinin müstəsna hallarda İntizam Komitəsinin qərarının bütün turnirlərə aid olmasını nəzərdə tutan 19-cu maddəsinin 8-ci bəndinə əsaslanaraq Rahid Ağazadə bütün turnirlər daxil olmaqla 6 oyun cəzalanıb, “Lerik” klubu 300 manat cərimə edilib.
“İmişli” – “Mingəçevir” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Mingəçevir”in futbolçusu Elmin Bayramov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “İmişli” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 150 manat cərimə edilib.
Zaqataladakı davanın iştirakçıları cəzalandılar
“Zaqatala” – “Şamaxı” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Zaqatala”nın futbolçusu Roini İsmayılov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Onun klubu bu üzdən 50 manat cərimə edilib. Oyun bitdikdən sonra “Zaqatala”nın futbolçusu Bəhruz Teymurov təcavüzkar davranışa (rəqibi vurmağa cəhd etdiyinə) görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib. “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şamaxı”nın futbolçusu Emin Zamanov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Onun klubu isə buna görə 50 manat cərimə edilib.


