AFFA “Zirə”ni cərimə yağışına tutdu – Diniyevə 2 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şamaxı” – “Qəbələ” oyununda “Şamaxı”nın futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunub.

“Sabah” – “Zirə” oyununda “Zirə”nin futbolçusu Çoşqun Diniyev oyunun 84-cü dəqiqəsində ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 200 manat cərimə olunub. Çoşqun Diniyev qırımızı vərəqə alaraq meydanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün əlavə 1 oyun cəzalanıb. Klub buna görə də 2400 manat cərimə olunub. Stadiondakı əmlaka Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya ediləcək. Oyun bitdikdən sonra kənar şəxslərin meydana daxil olmasına görə “Sabah” klubu 1600 manat məbləğində cərimə olunub. “Zirə”nin azarkeşləri tərəfindən nalayiq və təhqiridici sözlərdən istifadə edildiyinə görə klub 4000 manat məbləğində cərimə olunub.

“Kəpəz” – “Neftçi” oyununda yanğına qarşı yanğın mühafizə xidməti əməkdaşı oyuna gecikdiyinə görə “Kəpəz” klubu 400 manat məbləğində cərimələnib. Əvəzetmə tablosunun oyunun gedişində işləməməsinə görə “Kəpəz” klubu 800 manat məbləğində cərimələnib. “Kəpəz”in futbolçusu Zamiq Əliyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Turan Tovuz” – “Səbail” oyununda “Səbail”in fotoqrafı meydana və VAR monitoruna çox yaxın durduğuna görə sözügedən klub 800 manat məbləğində cərimələnib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: