Aftandil Hacıyev: “Heç-heçəni qənaətbəxş hesab etmək olar”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri matçı şərh edib.

Arena.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Həqiqətən də bu gün “Sabah”ın oyununda böyük dəyişiklik gördük. Əvvəlki komandadan çox fərqlilik hiss etdik. Ramin Quliyevin işi görünür. Biz də bir-iki epizodda qol vura bilərdik. Təəssüf ki, dəyərləndirə bilmədik”.

40 yaşlı mütəxəssis bildiri ki, hər iki hissədə eyni oyunu sərgiləyiblər: “Rəqib ikinci yarıda daha çox təzyiq etdi və bir neçə qol imkanı yaxaladı. Meydanı 1 xalla tərk etdik. Bu, yaxşı oldu. Rəqiblərlə müqayisədə bizdə heyət baxımından kasadlıq var. Futbolçular sona qədər mübarizə apardılar. Hər oyun bizim üçün bir imtahandır. Bu nəticəni qənaətbəxş hesab etmək olar”.

Hacıyev 90+2-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulan Məqsəd İsayevin yaxşı çıxış etdiyini söyləyib: “İlk hissədə aldığı sarı vərəqə də ucuz idi. Fasilədə bununla bağlı iradımı bildirdim. Görünür ki, onunla daha ciddi söhbət etməyə ehtiyac var. Bəlkə də psixoloji planda hansısa problemi var”.

Xəbəri sosial şəbəkələrdə paylaş: