“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu gün həqiqətən də maraqlı oyun alındı. Əsasən də ilk hissədə hər iki komanda sürətli və dinamik oyun nümayiş etdirdi. İlk hissədə qol vursaq da, ikinci hissədə rəqibin gözlənilməz qolu ilə hesab bərabərləşdi. Qələbəyə layiq oyun göstərsək də, 1 xal qazandıq. Təəssüf ki, qalib gələ bilmədik. Oyunlar göstərir ki, çempionat gərgin keçəcək. Futbolçularımın oyuna yanaşmalarından razı qaldım. Bizim üçün hər oyun və hər xal önəmlidir. “Sumqayıt”a uğurlar arzulayıram. Futbolçularımı isə təbrik edirəm”.
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa isə bunları söyləyib:
“Yaxşı oyun alındı. Qol epizodlarından yararlana bilmədiyimiz üçün 1 xala razılaşmalı olduq. Hakimlərə qiymət vermək mənim işim deyil. Biz ancaq öz oyunumuza köklənmişik. Hakimlərlə başqa qurum məşğul olur. Amma Əli Qurbaninin epizodunda 100 faiz penalti var idi. Qarşıda bizi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah”la cavab görüşü gözləyir. Şansımız çox yüksəkdir. İlk matçdakı məğlubiyyətə baxmayaraq, yaxşı oynadıq. Komandam oyundan-oyuna artırır. Bunu asanlıqla görmək olar”.


