“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri matçı şərh edib.
Arena.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk hissədə yaxşı qol imkanlarımız oldu. Daha çox hücumda ola bilirdik. İkinci yarıya rəqib daha yaxşı başladı və hesabı açdı. Qoldan sonra “Zirə” daha çox qapandı. Rəqibin müdafiəsini yarmaq çətin idi.
Standart vəziyyətdən qol buraxmaq komandamın yaralı yeridir. Hər oyunda bu baxımdan əziyyət çəkirik. Rəqibi təbrik edirəm, çox diqqətli oynadılar. İmkan vermədilər ki, fərqi azaldaq. Çempionatda rəqabət yüksək səviyyədədir. Hər oyun epizodlar yaxalaya bilirik. Rəşad Sadıqovun ilk ilində medallar uğrunda oynaması təqdirəlayiqdir. Çalışacağıq ki, son oyunda istədiyimiz nəticəni əldə edək.
Biz də mübarizə apardıq, sona qədər oynadıq. “Zirə” ilk hissədə boşluqlar verirdi. Qol vurduqdan sonra artıq daha diqqətli olmağa başladılar. Gənc futbolçularımız var, amma rəqiblərlə müqayisədə fərdi xüsusiyyətləri yüksək olan oyunçularımız azdır. Bu gün “Zirə” qələbəyə daha çox layiq idi.
Premyer Liqa klublarının hamısına yerli mütəxəssislərin başçılıq etməsi çempionatda rəqabəti artırır. Düşünürəm ki, belə davam etsə, daha yaxşı olar və rəqabət də artar. Büdcə artsa, çempionluğa əvvəlki illərdə olduğu kimi daha çox komanda iddia edər.
Hər zaman çalışmışıq ki, istedadlı futbolçular hərbi xidmətə gedəndə güzəştlər olsun. Amma düşünürəm ki, bəzi futbolçular hərbi xidmətə getsə, daha yaxşı olar (gülür).
Klub rəhbərliyindən yeni təklif almışam. Amma hələ diqqətimiz son oyundadır. Yəqin ki, yaxın zamanda bilinəcək. Müəyyən fikirlər var, lakin hələ tam köklənə bilmirik. Büdcənin təyin olunmasından sonra planlar qururuq. Son oyundan sonra artıq bu barədə düşünməyə başlayacağıq”.


