“Turan Tovuz”un braziliyalı hücumçusu Aleks Souza bundan sonra Yaponiyanın “Kyoto Sanqa” klubunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə həm Tovuz, həm də Yaponiya klubu açıqlama yayıb.
“Turan Tovuz”un paylaşımında bunlar qeyd edilib: “Klubumuz Aleks Souzanın transferi ilə bağlı Yaponiyanın “Kyoto” klubu ilə razılıq əldə edib. Tibbi müayinədən keçdikdən sonra futbolçu Yaponiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq. Premyer Liqada “Turan Tovuz” forması ilə 66 oyunda meydana çıxmış Aleks Souzaya gələcək karyerasında və şəxsi həyatında uğurlar arzu edirik!”
Artıq Yaponiya klubu da bu transferi rəsmən açıqlayıb. 24 yaşlı hücumçu ilə müqavilənin müddəti açıqlanmayıb.
Bu transfer üçün yaponların “Turan Tovuz”a 300 min avro təzminat ödədiyi iddia olunur.
Braziliyalı futbolçu Yaponiya klubuna transferi ilə bağlı fikirlərini də bölüşüb:
“Kyoto”nun bir hissəsi olmaq fürsəti qazandığım üçün çox xoşbəxtəm və minnətdaram. Karyeramda yeni çağırışa böyük motivasiya ilə yanaşıram. Kluba tam diqqət, peşəkarlıq və meydanda, eləcə də meydandan kənarda fayda verməyə hazıram.
Klubun tarixinə böyük hörmətim var və komandanın məqsədlərinə çatması üçün hər gün əlimdən gələni edəcəyəm. Göstərilən etimada görə təşəkkür edirəm və bunu zəhmətim, fədakarlığım və yaxşı nəticələrlə doğrultmaq istəyirəm. Kiotoda görüşənədək!”


