“Turan Tovuz”dan Yaponiyanın “Kyoto” komandasına keçən braziliyalı futbolçu Aleks Souza Azərbaycan klubu ilə vidalaşıb.
Arena.az xəbər verir ki, 24 yaşlı hücumçu “İnstagram” hesabında bunları yazıb:
“Karyeramda önəmli dövrü başa vururam. Bu müddət ərzində yaşadığım hər şeyə, mənə verilən fürsətə və etibara görə “Turan Tovuz”a çox minnətdaram. Hər zaman yanımda olan klubun İdarə Heyətinə, məşqçilərə, komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm. Özümlə təcrübələr, peşəkar inkişaf və əbədi qalacaq xatirələr aparıram. Kluba uğurlar, növbəti çətinliklərə hazır olmağı arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.
Xatırladaq ki, Aleks Souza 2024-cü ilin yanvarından “Turan Tovuz”da çıxış edirdi. O, Tovuz klubunun heyətində meydana çıxdığı 68 oyunda 20 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.


